"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Ağcabədidə “Mənəvi dəyərlər və müasirlik” mövzusunda maarifləndirici tədbir keçirilib

Dekabrın 14-də Ağcabədi şəhər 5 saylı tam orta məktəbdə, Mənəvin Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Ağcabədi rayonu “Seyid Mürsəl Ağa” məscidi dini icmasının təşkilatçılığı ilə “Gənclərin tərbiyəsində mənəvi dəyərlərin rolu” adlı layihə çərçivəsində “Mənəvi dəyərlər və müasirlik” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyəti (RİH) Aparatınının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov, Ağcabədi şəhər 5 saylı tam orta məktəbin direktoru Fəridə Allahverdiyeva, Ağcabədi rayonu “Seyid Mürsəl Ağa” məscidi dini icmasının sədri Zeynəb Quliyeva, şagirdlər, müəllimlər və icma üzvləri iştirak ediblər. 
Tədbiri giriş sözü ilə açan Ağcabədi rayonu “Seyid Mürsəl Ağa” məscidi dini icmasının sədri Zeynəb Quliyeva bildirib ki, son illər DQİDK və Ağcabədi RİH-nın birgə təşkilatçılığı ilə rayonumuzda dini durum və gənclərin tərbiyəsi ilə bağlı çoxsaylı tədbirlər keçirilmişdir. Bu tədbirlər silsiləsində dini maarifləndirmə xüsusi əhəmiyyət daşıyır. Bu günkü tədbirimiz də həmin məsələyə həsr olunmuşdur.
Ağcabədi RİH Aparatınının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev “Mənəvi dəyərlər və müasirlik” mövzusunda məruzə etmişdir. Təyyar Hacıyev bildirib ki, Azərbaycan xalqı hər zaman milli dəyərlərə sadiqliyini göstərib, bu dəyərləri əsrlərlə yaşadaraq onu inkişaf etdirib. Tarixin hər bir dövründə ölkəmizdə milli dəyərlərimizin qorunması və onun gələcək nəsillərə çatdırılması aktual olub. Elə günümüzdə də bu müsbət tendensiya özünü qoruyub saxlayır. 
Məruzə ətrafında Ağcabədi şəhər 5 saylı tam orta məktəbin direktoru Fəridə Allahverdiyeva çıxış edərək qeyd edib ki, xalqımız qədim adət-ənənələrlə yanaşı, həyatımızda yeni formalarda təcəssüm olunan mədəni sərvətlərimizi bu gün də yaşadır və inkişaf etdirir. Deməli, milli-mənəvi dəyərlərimizin müasirliklə vəhdəti artıq layihə, proqram yox, həyat tərzidir. Beləliklə, xalqlar arasında milli-mənəvi dəyərləri ilə tanınan Azərbaycan xalqı təbliğ etdiyi bəşəri ideyaları, adət-ənənələri, milli xüsusiyyətləri ilə dünya sivilizasiyasında özünəməxsus yer tutur.
DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov çıxış edərək vurğulayıb ki, indiki halda gənclər milli-mənəvi dəyərləri müxtəlif layihələr həyata keçirməklə, müzakirə və seminarlar etməklə qoruya bilərlər. Eyni zamanda gənclik öz gündəlik həyatında bu dəyərləri tətbiq etməli və digərlərinə örnək olmalıdırlar. Bu baxımdan vacibdir ki, gənclərimiz intellektual, dünyagörüşlü və vətənpərvər  olsunlar.
Məruzə ətrafında Ağcabədi şəhər 5 saylı tam orta məktəbin tədris işləri üzrə direktor müavini Sədaqət Nəcəfova da çıxış edərək belə tədbirlərə ehtiyacımız olduğunu vurğulayıb. Çünki milli-mənəvi dəyərlər gənclərin tərbiyəsində xüsusi əhəmiyyət kəsb edir. Ona görə də, bu tədbiri təşkilı edənlərə təşəkkür edirəm və hesab edirəm ki, bu mövzulu tədbirlər gənclərlə aparılan işin tərkib hissəsinə çevrilməlidir.
Sonda Ağcabədi şəhər 5 saylı tam orta məktəbin direktoru Fəridə Allahverdiyeva tədbiri yekunlaşdıraraq diqqətlərə çatdırdı ki, bu gün burada səslənən fikirlər bir daha göstərdi ki, milli-mənəvi dəyərlərimiz gənclərin tərbiyəsində, xüsusilə də onların vətənpərvərlik tərbiyəsində əhəmiyyətli yer tutur.  
Tədbirin sonunda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

calendar 14-12-2018, 12:25 eye 920 eye Paylaş