Noyabrın 21-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Bakı şəhərində din xadimləri üçün təşkil olunan “Dini vəhdət-milli birlik” adlı üç günlük seminarın açılış mərasimi olub. Tədbirdə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov, Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq kafedrasının müdiri Əhməd Niyazov, İnstitutun müəllimi, hədisşünas İbrahim Quliyev, Bakı şəhəri, Balakən, Zaqatala, Şəki və Qax rayonlarından olan din xadimləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Dövlət Himninin səsləndirilib və Qurani-Kərimdən ayələr tilavət edilib.
Açılış nitqi ilə çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov və digər natiqlər ölkəmizdə mövcud olan tolerantlığın, multikultural mühitin, birgəyaşayış ənənəsinin tarixi kökləri, dinlərarası dostluğun və məzhəblərarası vəhdətin vacibliyini ehtiva edən mövzularla bağlı fikirlərini çatdırıblar.
Seminarda Fondun sifarişi ilə hazırlanan filmlər nümayiş etdirilib, dini təyinatlı ədəbiyyatlar iştirakçılara paylanıb.
Xatırladaq ki, seminarın ikinci günündə din xadimlərinin iştirakı ilə, Vətən müharibəsi şəhidlərinin ziyarəti, vəhdət namazının qılınması və Azərbaycan İlahiyyat İnstitutunda görüşün keçirməsi nəzərdə tutulur.