Noyabrın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Sabirabad rayonunda dini icma sədrləri və din xadimləri üçün "Mənəvi dəyərlərin təbliği: mövcud vəziyyət və perspektivlər" adlı seminar təşkil olunub.
Seminarı giriş sözü ilə açan Sabirabad RİH başçısının birinci müavini Həsən Həsənov Sabirabad rayonundakı mövcud dini durum barədə ətraflı məlumat verib.
Daha sonra çıxış edən Fondun icraçı direktoru Mehman İsmayılov bildirib ki, hər bir cəmiyyətdə dini-mənəvi dəyərlərin əsas təbliğatçıları din xadimləridir. Ona görə də daim gənclərin mənəvi dəyərlər ruhunda tərbiyəsi, zərərli vərdişlərdən uzaq olması istiqamətində mütəmadi işlərin aparılması din xadimlərinin üzərinə düşən əsas vəzifələrdəndir. M.İsmayılov həmçinin ölkəmizdə dinə dövlət qayğısından danışıb.
Qafqaz Müsəlmanları İdarəsinin Sabirabad rayonu üzrə səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov, Fondun əməkdaşı Elgiz İmanlı və Sabirabad rayonu Qaratəpə kəndi "İmam Hüseyn" məscidinin imamı Mirislam Bağırov dini-mənəvi dəyərlərin qorunması və təbliğində dini icmaların, din xadimlərinin rolu barədə mövzularda məruzələr ediblər.
Tədbirdə Fondun sifarişi ilə hazırlanan və dini-mənəvi dəyərlərimizi özündə əks etdirən videoçarx və film nümayiş etdirilib, həmçinin Fond tərəfindən nəşr edilmiş dini ədəbiyyatlar din xadimlərinə paylanıb.
Sonda din xadimlərinin sualları cavablandırılıb.