"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Balakəndə “Mənəvi dəyərlərimizi qoruyaq” adlı maarifləndirici tədbir keçirilib

Dekabrın 14-də Balakən rayonu Qaysa kənd tam orta məktəbində, Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Balakən rayon Qabaqçöl qəsəbə məscidi dini icmasının təşkilatçılığı ilə “Vətən sevgisi, vətəndaşlıq borcu” adlı layihəsi çərçivəsində “Mənəvi dəyərlərimizi qoruyaq” adlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin məsləhətçisi vəzifəsini icra edən Ləman Balayeva, Balakən rayonu Qabaqçöl qəsəbə məscidi dini icmasının sədri Abdulla Xutrayev, Balakən Rayon İcra Hakimiyyətinin (RİH) başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın uşaqlarla iş üzrə məsləhətçisi-psixoloqu Aynur Omarova, Balakən (RİH) başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın məsul katibi Türkan Əliyeva, məktəbin direktoru Kərimət Mamedova müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Qaysa kənd tam orta məktəbinin direktoru Kərimət Mamedova belə tədbirlərin mütəmadi olaraq keçirilməsinin eyni zamanda gənclər arasında aparılan təbliğatın əhəmiyyətindən söz açıb və qeyd edib ki, özünəməxsus adət-ənənələrin, mədəniyyət, ədəbiyyat, ana dili və tarixinin olması hər bir xalqın, millətin ən böyük sərvəti sayılır.
Balakən rayon Qabaqçöl qəsəbə məscidi dini icmasının sədri Abdulla Xutrayev DQİDK-nın tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun yaranması və fəaliyyəti haqqında ətraflı məlumat verərək bildirmişdir ki, dini icmalara təqdim edilmiş layihələr dövlətin dinə və dindarlara olan qayğısının təzahürüdür və eyni zamanda əhalinin, xüsusilə gənclərin düzgün maarifləndirilməsinə yönəlmiş bir dəstəkdir.
Daha sonra çıxış edən DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin məsləhətçisi vəzifəsini icra edən Ləman Balayeva mənəvi dəyərlər anlayışının mahiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırmış və bildirmişdir ki, Azərbaycan dünyada multikultiralizm dəyərlərinin nümunəsi kimi, etnik, dini, sosial mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların bərabər, həmrəy və qarşılıqlı dostluq şəraitində yaşadığı unikal ölkələrdəndir. Bu bəşəri dəyər olmamışdan əvvəl bizim milli dəyərimiz olub, qədimdən bu ənənə Azərbaycanda yaşadılıb və bu günlərə kimi davam etdirilir. Hazırda isə bu həm dövlət siyasəti, həm də ictimai münasibətlər sistemi kimi inkişaf etdirilir.
Balakən (RİH) başçısı yanında  Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın uşaqlarla iş üzrə məsləhətçəsi – psixoloqu Aynur Omarova təəssüf  hissi ilə qeyd edib ki, bəzən cəmiyyətimizdə neqativ hallara da rast gəlinir, ancaq belə halların gələcəkdə təkrarlanmaması üçün indiki gənclər növbəti nəsli yetişdirərkən diqqətli olmalıdır. Milli soy kökə qayıdış, milli özünüdərk ailədə uşaqların tərbiyəsindən başlayaraq məktəbəqədər müəssisələrdə və orta məktəblərdə davam etdirilməlidir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

calendar 14-12-2018, 12:14 eye 781 eye Paylaş