Bakı Dövlət Universitetində “Dialoq və İnkişaf Naminə” İctimai Birliyinin (DİNİB) "Qloballaşma dövründə milli-mənəvi dəyərlərin qorunması" adlı layihəsi çərçivəsində tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra tədbiri giriş sözü ilə DİNİB-in idarə heyətinin üzvü Günay Hacıyeva açaraq layihə haqqında geniş məlumat verib.
Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakultəsinin dekanı, dosent Ələmdar Cabbarlı çıxış edərək bildirib ki, bu gün dövlət, milli dəyərlərimizin qarantına çevrilmişdir. Ölkə başçısı xalqımızın milli dəyərlərinin təbliğinə, gənclərimizin bu ruhda tərbiyə olunmasına ciddi diqqət yetirir.
“Dialoq və İnkişaf Naminə” İctimai Birliyin sədri Çingiz Bayramov layihənin əhəmiyyətindən danışaraq bildirib ki, hər bir ölkə və xalq üçün onun milli-mənəvi dəyərləri hər şeydən üstün tutulmalı, bu dəyərlər hər zaman müdafiə edilməlidir.
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun aparıcı məsləhətçisi Elgiz İmanlı qeyd edib ki, milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması keçmişdə olduğu kimi bu gün də öz aktuallığını qoruyub saxlayır. Çünki milli-mənəvi dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri ilə yanaşı, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır. Milli-mənəvi, o cümlədən dini dəyərlərimizin, adət-ənənələrimizin dərindən öyrənilməsi və araşdırılması müasir cəmiyyətimizin prioritet istiqamətlərindən biridir. Tarixi təcrübə göstərir ki, öz soykökündən, tarixindən, milli-mənəvi dəyərlərindən uzaq düşən millətlər və dövlətlər müəyyən zaman kəsiyində yox olmaq, tarix səhnəsindən birdəfəlik silinmək təhlükəsi ilə üz-üzə qalmışlar.
Daha sonra İqtisadi araşdırmalar və təhlil mərkəzinin rəhbəri, Xəzər Universitetinin müəllimi Radil Fətullayev və “Dialoq və İnkişaf Naminə” İctimai Birliyi (DİNİB) İdarə Heyətinin üzvü Dr. Aydın Talışinski tədbirin əhəmiyyətindən danışıblar.
Tədbir tələbələrin sualları və maraqlı çıxışları ilə yekunlaşıb.