Dekabrın 14-də Astara rayonu Təngərüd kənd tam orta məktəbində, Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən maliyyə dəstəyi və Astara rayonu Təngərüd kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərimizin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” layihəsi çərçivəsində “Milli-mənəvi dəyərlərimiz və gənclər” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşı Turan Həsənzadə, DQİDK-nin Xarici əlaqələr şöbəsinin məsləhətçisi Səfər Səfərli, məktəbin direktoru Xəqani Mahmudov, icma sədri Vahid Allahverdiyev, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Cabir Mahmudov çıxışında keçirilən maarifləndirici tədbirlərin əhəmiyyətini qeyd edib.
DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov çıxışında xalqımızın zəngin milli-mənəvi dəyərlərindən geniş bəhs edərək, dilimizin, dinimizin bizim milli-mənəvi sərvətimiz olduğunu bildirib. Natiq gənclərin bu dəyərlər ruhunda, vətənpərvər gənc kimi formalaşmasının zəruriliyini vurğulayıb.
DQİDK-nin Xarici əlaqələr şöbəsinin məsləhətçisi Səfər Səfərli çıxışında ölkəmizin həm müasir Avropa mədəniyyətinə inteqrasiya edən, həm də İslami dəyərlərə sadiq olan bir ölkə kimi dünyaya nümunə olduğunu bildirib. S.Səfərli gənclərin radikalizm və digər zərərli vərdişlərdən uzaq olmaları üçün onların elmə, təhsilə yiyələnmələrinin, milli-mənəvi dəyərlərlə tərbiyə edilməsinin vacibliyinə diqqət çəkib.
Dini icma sədri Vahid Allahverdiyev və digərləri mövzu ilə bağlı fikirlərini bildiriblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.