Azərbaycan İlahiyyat İnstitutu (Aİİ), Mənəvi Dəyərlərin Təbliği Fondu (MDTF), Kırıkkale Universitetinin İslam elmləri fakültəsi və İslam Ölkələri Tədqiqat Mərkəzi ilə birgə təşkil etdiyi “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda beynəlxalq simpozium bu gün uğurla öz işini yekunlaşdırıb.
Bağlanış nitqi ilə çıxış edən Aqil Şirinov ikigünlük simpoziumun önəmli mövzuya həsr olunduğunu söyləyərək, tədbirdə iştirak edən elm adamlarına təşəkkür edib. O, qeyd edib ki, birgəyaşayış ənənəsini müxtəlif aspektlərini özündə ehtiva edən – İslam mədəniyyətində birgəyaşayış prinsipinin konseptual çərçivəsi; birgəyaşayışın vacibliyi; birgəyaşayış mədəniyyətini gücləndirən amillər; cəmiyyətlərdə birgəyaşayış təcrübəsi; birgəyaşayış mədəniyyətinə töhfə verən nümunəvi şəxsiyyətlər; birgəyaşayış qarşısında duran maneələr; müsəlman təfəkküründə cəmiyyət anlayışları; qloballaşmanın birgəyaşayışa təsiri və s. mövzularda məruzələrlə çıxış edən alimlərin bu çıxışları gələcəkdə kitab şəklində çap olunacaq. A.Şirinov daha sonra vurğulayıb ki, İslamı terror dini kimi göstərməyə çalışanların niyyətlərinin saf olmadığı bu simpoziumda dəyərli alimlərin təqdim etdikləri tezislərlə səhv mövqedə olduğunu bir daha üzə çıxarılmışdır. Həmçinin bu tezislər dinimizin tolerantlığını bir daha nümayiş etdirir.
Aİİ rəhbəri qeyd edib ki, məruzələrdən də məlum olduğu kimi, İslam dünyasında tarixən birgəyaşayış mövcud olmuşdur. Bu ənənənin ən gözəl nümunəsinin ölkəmizdə mövcud olduğunu diqqətə çatdıran A.Şirinov Azərbaycanda müxtəlif dinlərin, konfessiyaların, fərqli məzhəblərin nümayəndələrinin birlikdə yaşadıqlarının şahidi oluruq. Onlar arasında ictimai, dini zəmində hər hansı münaqişənin olmadığını görürük. Hazırda cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətində ölkəmizdə mövcud olan birgəyaşayış ənənəsinin qorunmasına xüsusi önəm verilir.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru, i.f.d Mehman İsmayılov tədbirin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib. Ölkəmizdə birgəyaşayış ənənəsinin tarixinin qədim olduğunu diqqətə çatdırıb.
Daha sonra simpoziumun məqsədini diqqətə çatdıran M.İsmayılov tədbirin İslam mədəniyyəti kontekstində Azərbaycan və Türkiyə arasında birgəyaşayışla bağlı mövcud imkanları müəyyənləşdirdiyini diqqətə çatdırıb. O vurğulayıb ki, bu sahədə çalışan mütəxəssis və elmi tədqiqatçıların məqalələri birgəyaşayış ənənəsinin əhəmiyyətini gələcək nəsillərə ötürməkdə xüsusi rola malik olacaq.
Kırıkkale Universiteti İslam elmləri fakültəsinin dekanı, professor Mevlüt Erten təşkilatçılara təşəkkürünü bildirib. Qeyd edib ki, simpoziumda səsləndirilən tezislərə nəzər saldıqda, tədbirin birgəyaşayış ənənəsini müxtəlif aspektlərdən araşdırıldığının şahidi olduruq. O bildirib ki, nəşr olunacaq simpozium materialları bu ənənənin qorunması və gələcək nəsillərə çatdırılması baxımından xüsusi yerə malik olacaq.
Kırıkkale Universiteti İslam Ölkələri Tədqiqat Mərkəzinin müdiri, professor Zekeriya Akman simpoziumda müxtəlif dinlərin və məzhəblərin nümayəndələrinin olduqlarını diqqətə çatdıraraq vurğulayıb ki, bu nümunədə Azərbaycanda olan birgəyaşayış ənənəsinin şahidi olduq. Zekeriya Akman ölkəmizin ərazi bütövlüyünün qorunması uğrunda şəhid olanları yad edib, onlara Allahdan rəhmət diləyib.
Daha sonra çıxış edən İzmir Katip Çelebi Universitetinin rektoru, professor Saffet Köse, “Nur-Mübarək” Misir İslam Mədəniyyəti Universitetinin rektoru, professor Məhəmməd əl-Şəhhat əl-Cindi, Müsəlman İnstitutunun sədri Sahibzada Sultan Ahmed Ali, Kırıkkale Universiteti İslam Ölkələri Tədqiqat Mərkəzinin müdir müavini, professor Şahin Ahmetoğlu, Şimali Qafqazda dini-mənəvi dəyərlər, onların mədəni spesifikliyinin müqayisəli tədqiqi üzrə UNESCO kafedrasının bölmə rəhbəri, f.f.d., dos. Gülçöhrə Seyidova “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda beynəlxalq simpoziumun təşkilatçılarına minnətdarlıqlarını bildiriblər. Tədbirdə dinlənilən tezislərin hər biri yüksək qiymətləndirilib.
Simpoziumun sonunda qonaqlara hədiyyələr təqdim olunub.
Qeyd edək ki, iki gün davam etmiş beynəlxalq simpozium açılış mərasimi və panellərlə davam edib.
Tədbirdə 100-dən çox məruzəçinin məruzələri 10 paneldə dinlənilib. Konfransın materiallarının kitab şəklində çap olunması nəzərdə tutulur.