"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Müdafiə Nazirliyinin Bakı Qarnizonunda yerləşən "N" saylı hərbi hissəsində 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirilib

  Müdafiə Nazirliyinin Bakı Qarnizonunda yerləşən "N" saylı hərbi hissəsində Veteran Tankçılar İctimai Birliyi və Dağ Yəhudiləri Dini İcmasının birgə təşkilatçılığı ilə 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirilib.
  Azərbaycan Ordusunun yaranmasının 104-cü ildönümünə həsr olunmuş tədbirdə hərbi hissənin şəxsi heyəti, Veteran Tankçılar İctimai Birliyinin sədri Hacı Əzimov, Mənəvi Dəyərlərin Təbliği Fondunun nümayəndəsi Elgiz İmanlı, bir qrup veteran tankçılar, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
  Əvvəlcə tədbir iştirakçıları hərbi hissənin ərazisində şəhidlərin xatirəsinə yaradılan abidənin önünə qərənfillər düzüblər. Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldıqdan sonra Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Fondun nümayəndəsi Elgiz İmanlı 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun peşəkar, vətənpərvər, yüksək döyüş hazırlığına malik zabit və əsgərlərinin qəhramanlığından, igidliyindən geniş söhbət açaraq dövlətimizin başçısının diqqət və qayğısı sayəsində ölkənin müdafi qüdrətinin gündən-günə artırılmasını xüsusi vurğulayıb. O, həmçinin Fondun vətənpərvərliyin təbliği istiqamətində fəaliyyətindən söhbət açaraq bildirib ki, Mənəvi Dəyərlərin Təbliği Fondu mütəmadi olaraq şəhidlərimizlə bağlı kitabların nəşrinə, filmlərin, videoçarxların hazırlanmasına maliyyə dəstəyi göstərir, onların ailələrinə ziyarətlərin təşkili, maddi dəstəyin göstərilməsi ilə bağlı layihələr həyata keçirir.
  Sonda hərbi hissənin komandiri Firdovsi Bəyov və bir sıra hərbi qulluqçular Fondun qiymətli hədiyələri ilə təltif olunub.

calendar 29-06-2022, 09:36 eye 326 eye Paylaş