Konfransda Vətən müharibəsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sifarişi ilə çəkilmiş "Şuşa – mənəviyyat incisi" filmi nümayiş olunub.
Dosent Anar Qafarovun moderatorluğu ilə baş tutan plenar iclasda Aİİ rektoru Aqil Şirinov açılış nitqi ilə çıxış edib. Rektor Aİİ-nin yeni inzibati binasında ilk tədbirin məhz Şuşa mövzusunda konfransa həsr olunmasının önəminə diqqət çəkərək, məmnunluğunu ifadə edib. Konfransın Ulu Öndərin anadan olmasının ildönümünə təsadüf etdiyini və Heydər Əliyevin Şuşa ilə bağlı fəaliyyətini diqqətə çatdıran rektor Vətən Müharibəsində şəhid olanları yad edib, qazilərə Allahdan şəfa diləyib.
DQİDK-nin sədri Mübariz Qurbanlı çıxışına Vətən Müharibəsi şəhidlərini yad etməklə başlayıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Şuşa İli” ilə bağlı Sərəncamından irəli gələrək təşkil olunan konfransın işini yüksək qiymətləndirib.
M.Qurbanlı Ulu Öndər Heydər Əliyevin tarixboyu milli-mənəvi dəyərlərimizin inkişafındakı rolu barədə danışaraq dahi şəxsiyyətin yüksək xidmətlərini qeyd edib.
Həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə Ermənistanın hərbi təcavüzü nəticəsində öz ata-baba yurdlarından köçkün düşmüş insanların doğma torpaqlarına qayıdışının təmin edilməsi üçün işğaldan azad olunmuş ərazilərdə aparılan geniş quruculuq işlərinə, Heydər Əliyev Fondunun xalqımıza məxsus mədəni-dini irsin yenidən dirçəldilməsi istiqamətindəki fəaliyyətinə diqqət çəkib.
Şuşanın Azərbaycan tarixindəki müstəsna yerini vurğulayan Komitə sədri işğaldan sonra dağıdılmış, viran olmuş şəhərin yenidənbərpası ilə burada elm adamlarının, tarixi şəxsiyyətlərin yetişəcəyinə ümidvar olduğunu bildirib. O, Aİİ tələbələrinin və əməkdaşlarının milli-mənəvi dəyərlərin təbliği və təşviqi istiqamətində öz sözlərini deyəcəklərinə əmin olduğunu vurğulayıb.
Aİİ-nin fəaliyyətinə toxunan sədr bu il ilk məzun buraxılışı olacaq ali təhsil müəssisəsinə uğurlar arzulayıb.
Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Hacı Fuad Nurullayev konfrans iştirakçılarını salamlayıb. O, Azərbaycanda hökm sürən multikultural dəyərlərə, tolerantlığa diqqət çəkərək, Aİİ-nin din təhsili sahəsində fəaliyyətini yüksək qiymətləndirib. Şuşanın azad olunmasında şəhid olanları rəhmətlə anaraq, qazilərə şəfa diləyib.
Millət vəkili Ceyhun Məmmədov Aİİ-nin yeni inzibati binasında konfransın təşkilini yüksək qiymətləndirərək onun əhəmiyyətini vurğulayıb. Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində azad olunan torpaqlarımızın tarixboyu hər zaman öz alçaqlığı, qəddarlığı ilə seçilən erməni vandalları tərəfindən necə talan olunduğunu vurğulayıb. C. Məmmədov Şuşanın işğaldan azad olunduqdan sonra bərpası ilə bağlı məsələləri diqqətə çatdırıb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Şuşanın işğal dövründə talan edilməsi və abidələrin dağıdılması məsələlərinə toxunub. İcraçı direktor Şuşanın bərpası ilə bağlı fəaliyyət göstərən komissiyanın üzvü olduğunu və bütün prosesin birbaşa Şuşa şəhərinin qorunmasına, yenidənqurulmasına, öyrənilməsinə, inkişafına və təbliğinə yönəldiyini vurğulayıb. R.Həsənov Mənəvi Dəyərlərin Təbliği Fondu və Mədəniyyət Nazirliyi ilə birlikdə nəşr etdirdikləri ingilis və Azərbaycan dillərində olan Şuşa haqqında kitabı Aİİ-yə hədiyyə edib.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov qeyd edib ki, uzun illər torpaqlarımızın işğalından aldığımız sarsıntı ilə böyüdük. Bugünkü nəsil xoşbəxtdir ki, Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan Zəfər Gününü gördülər. M. İsmayılov hazırda Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında Azan səsinin eşidildiyini qeyd edib.
İlahiyyat fakültəsinin məzunu, 44 günlük Vətən Müharibəsinin şəhidi Vüqar Məmmədoun anası Əsmər Məmmədova oğlu haqqında danışarkən qeyd edib ki, Vüqar Qarabağın azadlığı uğrunda canından keçib, müharibənin 14-cü günü şəhid olub. Aprel döyüşlərində iştirak edən Vüqar son arzusunu yerinə yetirərək kəşfiyyatçı kimi döyüşlərə qoşulub. Şəhid anası qeyd edib ki, oğlunun ən böyük arzusu Şuşanı azad görmək idi. Şükürlər olsun ki, onun bu arzusu gerçəkləşdi.
Konfrans panellərlə davam edib.