"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Masallıda şəhid ailələrinin üzvlərinə iftar süfrəsi açılıb

  Masallı Rayon İcra Hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun və Qafqaz Müsəlmanları İdarəsinin Masallı bölgəsi üzrə qaziliyinin birgə təşkilatçılığı ilə şəhid ailələrinə iftar süfrəsi açılıb.
  Mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Millət vəkilləri Anar İsgəndərov və Məşhur Məmmədov, Mənəvi Dəyərlərin Təbliği Fondunun şöbə müdiri Rəşid Paşalı, Qafqaz Müsəlmanları İdarəsinin Masallı bölgəsi üzrə qazısı Ağa Rəşid Talıbov, şəhid ailələri, eləcə də rayon ictimaiyyət nümayəndələri iştirak ediblər.
  Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının əziz xatirələri bir dəqiqəlik sükutla anılıb.
  İftar süfrəsində Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə qazısı Ağa Rəşid Talıbov “Qurani-Kərim”dən ayələr oxunub, xalqımızın və dövlətimizin firavanlığı, əmin-amanlığı üçün dualar edilib.
  İcra başçısı Şahin Məmmədov Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkəmizdə milli-mənəvi dəyərlərə göstərdikləri diqqət və qayğıdan, dini mərasimlərin keçirilməsinə yaradılan şəraitdən, bütün dünyaya nümunə olacaq tolerantlıq mühitindən, şəhid ailələrinə, müharibə əlillərinə, veteranlarına göstərilən qayğıdan, eləcə də aztəminatlı ailələrin sosial rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb. Bildirilib ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etdi. Ordumuzun və xalqımızın sarsılmaz birliyi sayəsində tariximizə parlaq qəhrəmanlıq səhifəsi yazıldı.
  İftar süfrəsində şəhid ailələri adından çıxış edən Masallı rayonun Qarğalıq kəndindən olan «Rəşadət» ordenli şəhid Rafail Hüseynovun atası Teymur Hüseynov və başqaları mərasimi təşkil edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinə, tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi çərçivəsində «Ramazan sovqatı» layihəsinə görə minnətdarlıq ediblər.
  Mərasimdə həmçinin qəhrəman və fədakar övlad böyüdən şəhid analarının hər birinə Fövqəladə Hallar Nazirliyi İşçiləri Həmkarlar İttifaqının «İanə sertifikatı» təqdim olunub.
  Din xadimləri ruzi-bərəkət, həmrəylik, dostluq-qardaşlıq, sevgi və mərhəmət ayı olan Ramazanın fəzilətlərindən, bu ayın insanlar arasında mənəvi saflıq, paklıq ayı olmasından bəhs ediblər. İnsanlar arasında həmrəyliyin və dini-mənəvi birliyin möhkəmləndirilməsinə xidmət edən mübarək Ramazan günlərində iftar süfrəsinin təşkil edilməsinin cəmiyyətimizin vahidliyinin, ümumi amallar naminə ölkəmizdə dövlət-din arasında sıx birliyin bariz nümunəsi olduğunu vurğulayıblar.
  Tədbirdə şəhid ailələrinin hər bir üzvünə Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Masallı rayonu Bağıroba kənd məscidi dini icmasının təşkilatçılığı ilə hazırlanmış yüz manat məbləğində alış-veriş kartları təqdim edilib.

calendar 30-04-2022, 19:45 eye 441 eye Paylaş