"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə XVI əsr Azərbaycan alimi Qarabağlı Pir Məhəmmədin “Mənaqibnamə”si" nəşr edilib.

“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə yardımı ilə "Qarabağlı Pir Məhəmmədin “Mənaqibnamə”si" kitabını "Elm və təhsil" nəşriyyatında çap etdirib.
Bu barədə AZƏRTAC-a İctimai Birlikdən məlumat verilib. Bildirilib ki, kitabın müəllifləri tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli və Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu Türkdilli əlyazmaların tədqiqi şöbəsinin elmi işçisi Şəhla Xəlillidir. Kitabın elmi məsləhətçisi akademik Teymur Kərimli, elmi redaktoru professor Qafar Cəbiyev, rəyçisi filologiya üzrə fəlsəfə doktoru Nəzakət Məmmədlidir. Kitabda Qarabağlı Pir Məhəmmədin həyatı və təsəvvüfi fəaliyyətindən bəhs olunub, onun haqqında yazılmış "Mənaqibnamə" əsərinin nüsxələri tekstoloji təhlil edilib, Türkiyə nüsxəsi transfoneliterasiya olunub, mətn sadələşdirilib. Mənqibələrdə adı çəkilən XVI əsrdə Qarabağda yaşamış şəxslər və mövcud olan toponimlər tədqiq edilib. Kitabda Türkiyə, Bakı və Duruca nüsxələrinin fotofaksimiləsi yerləşdirilib. Müəlliflər bildirir ki, Qarabağın, Ağdamın, Qarapirimlinin, onun türbəsinin azad olunması ilə kitabın nəşri üst-üstə düşüb. Əsərin tədqiqi üçün İstanbul Millət Əlyazma Əsərlər Kitabxanasında, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda və Qəbələ rayonu Duruca kənd sakini Ruslan Məmmədovun şəxsi kolleksiyasındakı nüsxələrdən istifadə edilib.
Pir Məhəmməd XVI əsrin birinci yarısında Qarabağda yaşamış və təsəvvüfi fəaliyyət göstərmiş xəlvəti şeyxidir. “Qara Pirim” və “Qara Şeyx” deyə tanınan Pir Məhəmmədin nəsli məşhur sufi Şəms Təbriziyə bağlanır. Onun nəticəsi Feyzullah əfəndi Osmanlı dövlətində ən ali vəzifələrdən hesab olunan şeyxülsilamlığa yüksəlib, sultanın övladlarının müəllimi olub. Özündən sonra iki oğlu Mustafa əfəndi və Mürtəza əfəndi də şeyxülislam kimi Osmanlı dövlətinin ictimai-siyasi fəaliyyətində yaxından iştirak ediblər. Hazırda Millət Kitabxanası İstanbul şəhərinin Fateh rayonunda Pir Məhəmmədin nəticəsi Feyzullah əfəndinin külliyəsində yerləşir. Kitabxanada ayrıca Feyzullah əfəndi əlyazma kolleksiyası var. “Mənaqibnamə”nin Türkiyə nüsxəsi həmin kolleksiyadadır. Feyzullah əfəndi bununla yanaşı, nəslinin şəcərəsini tanıdan “Silsilənamə” risaləsi də qələmə alıb. Kitabda həm “Mənaqibnamə”, həm də “Silsilənamə” risalələrinə əsaslanaraq Qarabağlı Pir Məhəmmədin həyatı və fəaliyyəti haqqında məlumat verilir.
“Mənaqibnamə”nin əsas maraqlı tərəfi Qarabağın XVI əsri əhatə edən oba, kənd, çay, dərə, dağ kimi toponimlərinin adının çəkilməsidir. Duruca nüsxəsindən Pir Məhəmmədin ləqəbinin "Qara Pirim" olduğu anlaşılır. Qara Pirim Qarabağın sufizm tarixinin açarıdır. İşğaldan yenicə azad olunan Ağdamın Qarapirimli kəndində “Mənaqibnamə”də adı çəkilən hadisə və yerlərlə bağlı maddi-mədəniyyət abidələrinin varlığı müəyyən edilib. Hazırda həmin yerləri tədqiqata cəlb edə bilməsək də, gələcəkdə Qarapirimli xanəgahının arxeoloji baxımdan öyrənilməsi işləri həyata keçiriləcək.
“Qarabağlı Pir Məhəmmədin “Mənaqibnamə”si kitabının təqdimatı onlayn formatda yanvarın 21-də keçiriləcək.

calendar 15-01-2021, 16:49 eye 691 eye Paylaş