Noyabrın 8-də Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Şəki şəhərində “Mənəvi dəyərlər sistemində Nəsimi fenomeni” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Fondun şöbə müdiri Hatəm Gülməmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki bölgəsi üzrə şöbəsinin müdiri Taleh Abdullayev, şair, yazıçı, kinodramaturq, Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi, müəllimlər, şagirdlər və tələbələr iştirak edib.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Taleh Abdullayev qeyd edib ki, Nəsimi Azərbaycanın dünya ədəbiyyatına bəxş etdiyi böyük şair, filosof və mütəfəkkirlərdən biridir. Bu gün belə bir tədbirin Şəki şəhərində müəllimlər, yeniyetmə və gənclərlə keçirilməsi ədəbi irsimizin təbliği baxımından olduqca əhəmiyyətlidir.
Fondun şöbə müdiri Hatəm Gülməmmədov bildirib ki, dahi şair Nəsimi ədəbiyyatımızda Azərbaycan dilində fəlsəfi şeirin banisidir. Azərbaycan, fars və ərəb dillərində çoxsaylı orijinal əsərlərin müəllifi olan Nəsiminin xüsusilə Azərbaycanın poeziya və ədəbi dilinin inkişafında əvəzsiz xidmətləri olub.
Yazıçı-şair İlqar Fəhmi Nəsimi yaradıcılığındakı fəlsəfi-irfani fikirlərin izahını verərək geniş məruzə ilə çıxış edib. İ.Fəhmi bildirib ki, adı dünyanın dahi mütəfəkkirləri ilə eyni sırada çəkilən, poeziyamızda yeni və çox əlamətdar bir dövrün başlanğıcını qoyan, Azərbaycan dilini ədəbi-bədii dil səviyəsinə yüksəldən qüdrətli sənətkar Nəsimi ədəbiyyatımızda zəngin irs qoymuşdur.
Tədbirin yekununda iştirakçılarla geniş fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.