"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən "Yaxşılıq unudulmur" layihəsi ilə bağlı mükafatlandırma mərasimi keçirilib

Sentyabrın 17-də Bakı şəhərində Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə cəmiyyətdə yaxşılığın, xeyriyyəçilik işlərinin yaşadılması və təşviqi məqsədi ilə elan edilmiş “Yaxşılıq unudulmur” adlı layihənin yekununa həsr edilmiş konfrans keçirilib. Konfransda Fondun icraçı direktoru Mehman İsmayılov, icraçı direktorun müavini Rəfi Qurbanov, Bakı Beynəlxalq Multikulturalizm mərkəzinin direktoru Rəvan Həsənov, Tarix üzrə fəlsəfə doktoru Nigar Gözəlova, Bakı İslam Universitetinin Dinşünaslıq fakültəsi “İctimai fənlər” kafedrasının müdiri Elvin Talışinski, mətbuat nümayəndələri, gənclər və ictimaiyyət nümayəndələri iştirak edib.
Əvvəlcə Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə hazırlanmış “Xeyriyyəçilik ənənələrimiz” adlı videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan Fondun icraçı direktoru Mehman İsmayılov bildirib ki, Azərbaycan xalqı hər zaman yüksək dəyərləri və mənəvi keyfiyyətləri ilə seçilmişdir. Yaxşılıq bu keyfiyyətlərdən biri olmaqla yanaşı, insanlararası münasibətlərin təməlində dayanan prinsiplərdəndir. Keçmişdə olduğu kimi bu gün də belə dəyərlərin yaşadılması və gələcək nəsillərə çatdırılması öz aktuallığını qoruyub saxlayır. M.İsmayılov “Yaxşılıq unudulmur” layihəsinin keçirilməsinin məqsədi barədə danışarkən vurğulayıb ki, layihənin əsas məqsədi yardımlaşma və xeyriyyəçilik ənənələrinin gənclər arasında geniş təbliği, bu dəyərləri yaşadan insanların tanıdılmasıdır. Yaxşılıq əməlləri ilə seçilən insanları bir araya toplamaq, eyni zamanda belə addımların arealının genişləndirilməsi üçün Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən bu qəbildən olan layihələr növbəti illərdə də həyata keçiriləcəkdir.
Bakı Beynəlxalq Multikulturalizm mərkəzinin direktoru Rəvan Həsənov qeyd edib ki, “Yaxşılıq unudulmur” layihəsi yeniliyi və mahiyyəti ilə bir çox layihələrdən seçilir. Layihənin şərtlərinə görə insanlar şahidi olduqları və ya onlara edilən yaxşılıqları, həmçinin bu yaxşılığın müəllifini Mənəvi Dəyərlərin Təbliği Fonduna bildirməklə xeyirsevər insanların tanıdılmasında iştirak edirlər. Nəticədə həm xeyirxah insanlar, həm də onların gördükləri yaxşı işlər cəmiyyətdə təbliğ olunur. R.Həsənov belə bir layihədə komissiya üzvü kimi iştirak etməkdən məmnunluğunu ifadə edib, dəvətə görə Mənəvi Dəyərlərin Təbliği Fonduna təşəkkür edib və layihənin işinə uğurlar arzulayıb.
Tarix üzrə fəlsəfə doktoru Nigar Gözəlova vurğulayıb ki, xeyirxahlıq və mərhəmət bəşər övladını daxilən saflaşdıran, başqalarının gözündə ucaldan, insanlığın ali zirvəsinə yüksəldən fenomen dəyərlərdən sayılır. Başqalarına təmənnasız yaxşılıq etməkdən mənəvi rahatlıq tapan insanlar isə, sözün əsl mənasında, seçilmiş nəcib insanlardır. Hər bir cəmiyyətdə ədalət, insanpərvərlik, mənəvi saflıq kimi ülvi dəyərlər məhz belə kamil şəxsiyyətlərin saf düşüncə və pak əməllərində gerçəyə çevrilir.
Bakı İslam Universitetinin Dinşünaslıq fakültəsi “İctimai fənlər” kafedrasının müdiri Elvin Talışinski bildirib ki, dinimiz insanlara həmişə bir-birinə qarşı diqqət və sayğı ilə davranmağı, bir kəsin çətinliklərini həll etmək üçün bütün cəmiyyətin səfərbər olmasını, insanlararası münasibətlərdə xeyirxahlıq, dözümlülük və məhəbbət kimi ülvi hislərin təbliğ və təşviq edilməsini tövsiyə edir.
Sonda Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən elan olunmuş “Yaxşılıq unudulmur” layihəsi çərçivəsində aşağıdakı şəxslər mükafatlandırılıb:
Amid Həsənquliyev - Azərbaycan Əlil Velosipedçilər Klubunun təsisçisi, “Biz Birik” layihəsinin müəllifi, qrafist-dizayner, fiziki məhdudiyyətli insanların cəmiyyətə inteqrasiyası üçün "Handbike"ın ixtiraçısı.
Səbinə Məlikova – Sosial media məkanında fərqli məzmunda və formada dəyərlərimizin sosial media istifadəçiləri arasında geniş təbliğinə xidmət edən “Belə belə işlər” layihəsinin redaktoru.
Sevinc Alızadə - “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, şəhid polkovnik-leytenant Raquf Orucovun xanımı. Şəhid ailələrinə mənəvi dəstək və qayğı yönündə həyata keçirilən tədbirlərin təşkilatçısı.
Xalid Musayev - 22 ildir könüllü olaraq hər gün onlarla uşağa avtomobil yolunu keçməkdə köməklik göstərən “Canlı işıqfor”.
Sevinc Əzimbəyli - “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri. Davamlı olaraq imkansız və yardıma ehtiyacı olan insanlara dəstək məqsədi ilə keçirilən xeyriyyə aksiyalarının təşkilatçısı.
Nihad Mehdiyev - Sosial mediada televiziya formatında əyləncəli oyunlarla hədiyyələr qazandırıb insanlara sevinc bəxş edən “Sosial Çarx” layihəsinin ideya müəllifi və rəhbəri. Eyniadlı layihədə “Yardımlaşmaq gözəldir” şüarı altında xeyriyyəçilik kampaniyalarının təşkilatçısı.

calendar 17-09-2019, 14:22 eye 1 435 eye Paylaş