Sentyabrın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən Xaçmazda din xadimləri, dini icma sədrləri və dini icma üzvlərinin iştirakı ilə "Müasir çağırışlar və dini fəaliyyət" adlı seminar təşkil edilib. Seminarı giriş sözü ilə açan Xaçmaz Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ceyhun Musayev Xaçmaz rayonunda dini sahədəki ümumi vəziyyət barədə məlumat verib.
Daha sonra çıxış edən Fondun icraçı direktoru Mehman İsmayılov dini vəhdətin milli birliyimizin mühüm tərkib hissəsi olduğunu qeyd edərək din xadimlərinin, dini icma sədrlərinin və ümumilikdə dini icmaların bu birliyin qorunmasında böyük məsuliyyət daşıdığını vurğulayıb.
Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, dekan müavini, dosent Asəf Qənbərov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbə müdirinin müavini Elnur Ağasiyev, Qafqaz Müsəlmanları İdarəsinin Xaçmaz rayonu üzrə səlahiyyətli nümayəndəsi Yaşar Rzayev respublikamızda mövcud olan tolerant və multikultural şəraitdən bəhs ediblər. Çıxışlar zamanı Azərbaycanda müxtəlif dinlərin və xalqların nümayəndələrinin sülh və qarşılıqlı hörmət şəraitində yaşadıqları qeyd edilib. Həmçinin məzhəbçilik və dini təəssübkeşlik meyillərinin multikultural cəmiyyət üçün yad olduğu vurğulanıb.
Seminarda Fondun sifarişi əsasında hazırlanan “Azərbaycanın din alimləri” sənədli filmi nümayiş olunub və iştirakçılara Fondun nəşr etdirdiyi ədəbiyyatlar paylanıb.
Sonda din xadimləri ilə fikir mübadiləsi aparılıb və onların sualları cavablandırılıb.