"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə Qaradağ rayonunda maarifləndirici tədbir keçirilib

Noyabrın 26-də Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi və Qaradağ rayonu Lökbatan qəsəbə məscidi dini icmasının təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərimizin formalaşmasında İslamın rolu” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Hatəm Gülməmmədov və Vasif Musayev, Qaradağ Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Yusif Nəsibov, Lökbatan qəsəbə məscidi dini icmasının sədri Faiq Əhmədov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan dini icma sədri F.Əhmədov dini maarifləndirmə işinin əhəmiyyətindən, gənclər arasında radikal dini təbliğata qarşı mübarizənin vacibliyindən söz açıb. O, adıçəkilən layihə vasitəsilə Lökbatan qəsəbəsində bu istiqamətdə müsbət mühitin yarandığını vurğulayıb.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Hatəm Gülməmmədov mütərəqqi din olan İslamın yayıldığı coğrafiyada yaşayan xalqların və millətlərin adət-ənənələrinə, milli-mənəvi dəyərlərinə hörmətlə yanaşdığını və onları zənginləşdirdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Vasif Musayev  ölkəmizdə yüksək səviyyədə formalaşmış din-dövlət münasibətlərinə toxunmuş, dövlətimizin milli-mənəvi dəyərlərin təbliğinə göstərdiyi hərtərəfli dəstəkdən bəhs etmişdir.
Qaradağ RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Y.Nəsibov Azərbaycan cəmiyyətində multukultural dəyərlərin tolerantlıq ənənələri ilə birgə inkişaf etdiyini, bu dəyərlərin birgəyaşayış prinspinə çevrilməsini qeyd edərək bildirib ki, milli-mənəvi dəyərlərimizin qorunması, inkişaf etdirilməsi bugünkü gənc nəslin qarşısında duran əsas vəzifələrdəndir və bunun üçün hər bir gənc müstəqil dövlətimizin həyata keçirdiyi bütün tədbirlərdə fəal iştirak etməlidir.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

calendar 27-11-2018, 10:02 eye 783 eye Paylaş