İsmayıllıda “Qloballaşma və milli kimlik” mövzusunda seminar-treninq keçirilib

--- 13-09-2019 16:05 48

Sentyabrın 13-də İsmayıllı rayonunda Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və İsmayıllı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Qloballaşma və milli kimlik” mövzusunda seminar-treninq keçirilib. Tədbirdə Fondun icraçı direktorunun müavini Ceyhun Əliyev, İsmayıllı Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Murad Məhərrəmov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin məsləhətçisi Elnur Mehdiyev, şərqşünas, pedaqoq Əli Rzazadə, ziyalılar, müəllimlər, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan İsmayıllı RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Murad Məhərrəmov qloballaşma dövründə milli kimliyin, milli şüurun, dəyərlərin qorunmasının vacibliyini diqqətə çatdıraraq söyləyib ki, qloballaşma dövlətlər, xalqlar, millətlər, müxtəlif iqtisadiyyatlar və mədəniyyətlər arasında yeni imkanlar açır. Bu isə öz növbəsində müasir dövrdə bütün bəşəriyyətin iqtisadi, mədəni və digər əlaqələrinin, qarşılıqlı münasibətlərin vahid ümumplanetar bir sistemə daxil olduğunu göstərir.
Fondun icraçı direktorunun müavini Ceyhun Əliyev qeyd edib ki, hazırda dünyada müxtəlif mətbuat dərgilərində və elmi məcmuələrdə ən geniş müzakirə edilən mövzulardan biri qloballaşma və onun ayrı-ayrı xalqların ənənəvi mədəni yaşam tərzinə və maddi rifahına təsiri haqqında bir-birinə zidd mövqelərdir. Qloballaşma prosesi ölkələrin iqtisadi, siyasi, mədəni həyatına, milli-mənəvi dəyərlərinə və mənəvi-əxlaqi meyarlarına təsir göstərir. Bu proses ayrı-ayrı mədəniyyətləri və milli ənənələri, ideyaları, milli-mənəvi dəyərləri ümumdünya sistemi daxilinə qataraq sivilzasiyaların dialoqu üçün də şərait yaradır. Belə şəraitdə qloballaşmanın gətirdiyi yenilikləri qəbul etməklə yanaşı milli kimliyə və mənəvi dəyərlərə sadiq qalmaq çox vacibdir.
Şərqşünas, pedaqoq Əli Rzazadə bildirib ki, əməkdaşlıq və dialoq artıq qarşısıalınmaz, qanunauyğun bir proses kimi qloballaşma dövrünün tələbidir. Eyni məkanda müxtəlif dinlərin birgə mövcudluğu və əməkdaşlığı onların hər birinin hüququnun etiraf edilməsi deməkdir. Fərqli dinlərə etiqad edənlərə dözümlü münasibət onların bir-birinə marağını artırır. Müxtəlif dinlərin bir-birinə marağı və diqqət yetirməsi, bir-birindən nə isə götürməsi, dini mədəniyyətlərin qarşılıqlı təsiri və əməkdaşlığına gətirib çıxarır.
Seminar-treninqin yekununda iştirakçılarla geniş fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.